|
Mübarək gecələri qeyd etmək bidət deyil!
Bölüm: Məqalələr Tarix: 26.07.07
  Kandil (qəndil) müsəlmanlar üçün mübarək sayılan gecələrə verilən addır. Bu gecələr Ramazan ayının 27-ci gecəsi olan “Qədir gecəsi”, Rəcəb ayının 27-ci gecəsi olan “Merac gecəsi”, Şaban ayının 15-ci gecəsi “Bəraat gecəsi”, Rəcəb ayının ilk cümə gecəsi olan “Rəqaib” və Rəbiüləvvəl ayının 12-ci gecəsi olan “Mövlud gecəsidir”. Dini terminlə “şuhuru sələsə” yəni üç aylar kimi bilinən bu mövsümün gəlişi müsəlmanlarda mənəvi atmosferi daha da yüksəldir. Çünki bu aylarda Allahın öz qullarına qarşı rəhmət və bərəkəti daha da artır. Normal aylarda edilən hər yaxşılığın savabı on olaraq verilirsə, Rəcəb, Şaban və Ramazan aylarında bu savabın miqdarı qat-qat artır. Misal üçün adi günlərdə oxuduğumuz hər bir Quran hərfi üçün on savab qazanırıqsa, Rəcəb ayında bu savab yüz, Şaban ayında üç yüz, Ramazan ayında isə min olur. Cümə və Qədir gecələrində bu savabların dəfələrlə artdığı da məlumdur. Üç aylar ildə bir dəfə qurulan və axirət ticarətinin edildiyi aylardır. Bu ayları dəyərləndirən müsəlmanlar, axirət bazarından yaxşı qazanc əldə etmiş sayılırlar.
Əziz oxucu, saytımızda kandillər və bu mübarək gecələrin İslamda heç bir əsası olmadığına dair yazı verilmişdi. Həmin yazıda müəllif mübarək gecələrin nə Peyğəmbər (s), nə də onun səhabələri tərəfindən qeyd olunmadığını əsas tutaraq, bunları bidət adlandırır. Bununla bağlı rəvayət olunan hədisləri isə zəif və batil olduğunu iddia edirdi. İlk başda bidət məsələsinə aydınlıq gətirmək istəyirəm. Bidət lüğətdə “bənzəri və misli olmayan, sonradan uydurulan şey” deməkdir. Lüğətin şəri mənası isə “Quran və sünnədə yeri olmayan, sonradan icad edilmiş bir şey” deməkdir. Bidət həsənə və seyyia olmaq üzrə iki qismə bölünür. Bidati-həsənə Quran və Sünnədə yer almadığı halda şəriətin ümümi prinsiplərinə zidd olmayan və insanlara faydası olan şeylərdir. Misal olaraq, Qurani-Kərimin bir kitab halında toplanmasını göstərə bilərik. Hz. Ömərin Qurani-Kərimi toplamaq təklifini ilk başda qəbul etməyən Hz.Əbu Bəkr bunu bidət adlandırdı, çünki bu Peyğəmbərin (s) etmədiyi bir şey idi. Lakin Hz. Ömər Yəmamə döyüşündə 72 hafizin öldüyünü xatırladanda bu təkliflə razılaşmalı oldu. Təsbehlə zikr etmək də mübah olmaqla yanaşı bidati-hasənə sayılır və ya məsciddə mehrab və minbər də bidətdir. Lakin bütün bunlar İslamın ümumi prinsiplərinə zidd olmadığı üçün və müsəlmanlara fayda verdiyi üçün bidətin həsənə (yaxşı) növünə daxildir. İmam Şafii həzrətləri bunula bağlı belə deyir: “Quran, Sünnə, İcma və Səhabə yoluna zidd olan hər yeni icad olunmuş şey bidəti-seyyiədir. Xeyirli bir şey icad edilsə bidəti-həsənədir”. Bidati-seyyia isə İslamın ümumi prinsiplərinə zidd olmaqla yanaşı insanlara faydası olmayan, əksinə zərər verən şeylərdir. İndi isə zəif hədis məsələsinə baxaq. Zəif hədis heç də bəzilərinin düşündüyü kimi təhlükəli və ya qorxunc bir şey deyil. İslam alimləri yekdilliklə İslamın beş şərtini əhatə edən hökmlər çıxmaq şərtilə fəzilət, zühd, təşviq və pis əməllərdən çəkindirmək məqsədilə zəif hədislərin istifadəsinə icazə verirlər. Hələ İmam əl-Munziri özünün “Tərğib və tərhib” kitabında qeyd edir ki, alimlərin bir çoxu təşviq etmək və çəkindirmək məqsədilə zəif hədislərdən də istifadə etmişlər. Hədis alimlərinin belə müəyyən çərçivədə istifadə etdiyi və istifadəsini yasaqlamadığı zəif hədislərdən birdəfəlik üz döndərmək nə dərəcə doğrudur? Əgər zəif hədislər doğurdan da lazımsız olsaydı, nə İmam Tirmizi, nə İbn Macə və başqaları o hədisləri gələcək nəsillərə ötürməzdilər. Məzhəb alimlərinin hamısı şəriət məsələlərini çıxmaq şərtilə fəzilət və savaba təşviq baxımından bu hədislərin istifadəsinə müsbət baxmışlar. İmam Qəzalinin mübarək gecələrə baxışı İlk dəfə hicrətdən 300 il sonra Misirdə Fatimilər hakimiyyəti dövründə “mövlud”, 400 il sonra Qüdsdə Merac, Rəqaib və Bərat gecələri qeyd olunmağa başladı. Doğrudur bu gecələrə aid xüsusi ibadətləri özündə əks etdirən hədislər əsasən zəif hədislər qisminə aid edilsə də, fəzilət baxımından insanları ibadətə şövq etdiyi üçün görkəmli İslam alimləri tərəfindən qəbul edilib. Bu fikrə qarşı çıxan alimlər də mövcuddur. Ancaq əsrlər boyu İslam ümmətinin bu mübarək gecələri ibadətlə və Allaha itaətlə qeyd etməsinin səhv və yanlış bir əməl olaraq adlandırmaq doğru deyil. Mübarək gecələrin qeyd olunmasını dəstəkləyən İslam alimlərinin başında İmam Əbu Hamid Muhəmməd Əl-Qəzali gəlməkdədir. Onun məşhur “İhyau Ulumid-din” kitabının I cildinin nafilə namazlar bölümündə mübarək gecələr və onların qeyd olunmasına açıqlama gətirilir. İmam Qəzali öncə bu gecələrlə bağlı rəvayət olunan hədisləri xatırladır. Daha sonra deyir ki, Rəcəb kandilində qılınan namaz müstəhəbdir. Lakin dərəcə baxımından bu namazı təravih və bayram namazları ilə bir tutmaq olmaz. Çünki bu gecəyə aid namazın olması ilə bağlı rəvayət olunan hədis “əhəd” hədislə (bir nəfər tərəfindən rəvayət olunan hədis) sabit olub. Ardınca isə kitabda Şeyx Qəzalinin oxucusuna çatdırdığı daha maraqlı bir fakt gəlir. O, Qüdsdə olduğu dövrdə Qüds əhlinin bu mübarək gecələrə böyük ehtiram göstərdiyinin şahidi olub. Onlar bu gecələri etdikləri ibadətləri ilə qəti surətdə tərk etmirdilər. Qəzali də bundan ilhamlandığını və bu mübarək gecələrin qeyd olunmasına müsbət rəydə olduğunu açıqlayır. Məncə bütün İslam aləminin ən böyük alimlərindən sayılan İmam Qəzalinin mübarək gecələrin qeyd olunması məsələsindəki tutduğu mövqe insanlarda çaşqınlıq yaradanlara ən yaxşı misaldır. “Bidətdir” və ya “zəif hədisdir” ifadələrini yerli-yersiz işlədərək insanlarda çaşqınlıq yaratmaq heç də yaxşı bir şey deyil. Ən sonunda bu insanlara bir sualım var : “İmam Qəzalinin sizin qədər elmi yox idi, yoxsa siz özünüzü ondan daha elimli sayırsız”?
Qafar OCAQLI
Xəbərin ünvanı:
http://www.islam.com.az/article.php?storyid=472
© 2006-2007, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99412 418-32-62
|