"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

MARAQLI ŞƏKİL

pixel

Məqalələr : PEYĞƏMBƏRİN TOLERANTLIĞI

Sayta qoyulub: 18:26 25.06.2010 (Oxunub: 906 )
Elşad MİRİ
www.elshadmiri.com
II YAZI


Allah Quran ayələrində elçilərinin vəzifələrinin ancaq təbliğ olduğunu bildirir. İnsanları inanmağa məcbur edə bilməyəcəklərini ifadə edir. Hz.Muhəmməd (s) bu əmrlərə tabe olaraq bütün müsəlmanlara, daha doğrusu bütün bəşərə nümunə olacaq tolerantlıq nümunəsi nümayiş etirib.

Hz.Muhəmməd (s) peyğəmbər təvazökarlıq göstərərək özünü başqa peyğəmbərlərdən belə üstün tutulmasına razılıq verməyib. Bir gün onu «Ey yer üzünün ən xeyirlisi» deyə çağıran adama «Bu dediyin şəxs İbrahimdir» cavabını verib (Əbu Davud, «Sunnə», h.n. 4672, 4/218). Mədinə şəhərində müsəlmanla yəhudi Musa peyğəmbərin, yoxsa Muhəmməd peyğəmbərin üstün olmaları ilə bağlı mübahisə etmişdilər. Nəticəni öyrənmək üçün Hz.Muhəmmədə (s) müraciət etdilər. Hz.Peyğəmbər:


«Qiyamət günü ayılanda Musanın Ərşdən möhkəm tutduğunu görəcəyəm. Bilmirəm, o bayılıb məndən əvvəl ayılacaq, yoxsa Allah onu bayılmaqdan müstəsna edib» (Buxari, «Husumət», n: 2280, 2/849; Muslim, «Fədail», n: 1700, 3/1327). Təyin edildiyi yeri tərk edən Hz.Yunus (s) peyğəmbər haqqında səhv fikir formalaşmaması üçün belə buyurub: «Heç kimə "Mən Yunus b. Məttadan daha xeyirliyəm" demək yaraşmaz» (Buxari, «Ənbiya», 35).

Hz.Muhəmməd (s) peyğəmbər Allahın əmrinə uyğun olaraq özündən əvvəlki kitabları və peyğəmbərləri təsdiq edib və bulə buyurub: «Peyğəmbərlər ataları bir, anaları fərqli qardaşlardırlar. Hamısının dini birdir» (Buxari, «Ənbiya», 48; Muslim, «Fədail, 145»).

Bütün müsəlmanlar da peyğəmbərlərin və onlara göndərilən kitabların arasında fərq qoya bilməz. Heç bir müsəlman heç bir peyğəmbəri inkar edə bilməyəcəyi kimi onlar haqqında xoşagəlməz bir söz işlədə bilməz. Çünki bu Allahın əmridir. Həmçinin bu başqaları kimi ifadə edilənlərə qarşı ən gözəl tolerantlıq nümunəsidir.

Hz.Muhəmməd (s) peyğəmbər yəhudilərə «Mən Musaya sizdən daha yaxınam» (Buxari, «Saum», 69; İbn Macə, «Siyam», 41) dediyi kimi, Hz.İsa (s) peyğəmbər haqqında da oxşar sözü: «Mən İsaya, dünyada da, axirətdə də hamıdan daha yaxınam», - buyurub (Buxari, «Ənbiya», 48; Muslim, «Fədail, 143»).

Uca Allah Quranda belə buyurur: «Allah yanında ən hörmətli olanınız Allahdan ən çox çəkinənizdir” («Hucurat» surəsi, 13). Hz.Muhəmməd (s) bir hədisində Allah yanında üstünlük məsələsi ilə bağlı son nöqtəni belə qoyub: «Ey insanlar! Rəbbiniz birdir. Cəddiniz birdir. Hamınız Adəmdən törəmisiniz. Adəm isə torpaqdan yaradılıb. Allah yanında ən hörmətliniz və qəbul ediləniniz, Ondan qorxub çəkinənizdir. Ərəbin ərəb olmayan üzərində heç bir üstünlüyü yoxdur. Üstünlük ancaq Allaha olan münasibətlədir...»

Tolerantlıq nümunələri


Müsəlmanlar Məkkədə İslamın ilkin dövrlərində ən çətin dözülməz şəraitdə dinlərini yaşamağa çalışırdılar. Artıq dözümsüzlük cığırından çıxdığı üçün Hz.Muhəmməd (s) peyğəmbər 615-ci ildə istəyən müsəlmanlara Həbəşistana (Efiopiyaya) köçmək (hicrət) etmələrəni istədi. Müsəlmanların həmin yerə köçməsindən təşvişə düşən bütpərəst məkkəlilər dərhal bir heyət hazırlayaraq qiymətli hədiyyələrlə Həbəş kralı Nəcaşiyə göndərdilər. Heyət müsəlmanları tələb etdi. Nəticədə kral müsəlmanlara sığınacaq verərək müşrikləri hədiyyələri ilə birlikdə geri qaytardı. Həmin ərəfədə ölkədə daxili iğtişaş meydana gəlmişdi. Nəcaşi Əshəmənin vəziyyəti təhlükəli həddə çatmışdı. Orda olan və döyüşə biləcək bütün müsəlmanlar onun əmrində döyüşdə iştirak etmişdilər.

Hicrətin 9-cu ilində, müsəlmanların güclü olduğu Mədinə dövründə Nəcran xristianlarını təmsil edən 70-ə yaxın qələbəlik bir qrup Peyğəmbərin yanına gəldi. Hz.Muhəmməd (s) xristianları çox gözəl qarşıladı, onlara qonaqpərvərlik göstərdi. Hətta müsəlmanların ən dəyərli yeri olan məsciddə xristianların dini mərasimlərini yerinə yetirmələrinə icazə də verdi...

Rəsululluh bütün müsəlmanlara, xüsusilə idarəçilərə belə buyurub: «Kim müsəlman olmayan əhalidən birinə zülm edərsə, onların haqqını qiyamət günü mən müdafiə edəcəyəm», «Kim bir zimmiyə zülm edər, yaxud ona daşımaqdan aciz olduğu bir yük yükləyərsə, onun haqqını azaldar və ya istəyi olmadan bir şeyini alarsa, mən həmin adamın düşməniyəm». «Bir müsəlmana, yaxud zimmiyə qəsdən zərər verən şəxs lənətlənib». Hz.Muhəmməd (s) başqa bir hədisində də bunları bildirib: «Allah qiyamət günündə insanlara əziyyət edənlərə əziyyət edəcəkdir». Budur Hz.Muhəmmədin tolerantlığı...

Müxtəlif dinlərə, əqidələrə malik olan yəhudilərin, bütpərəstlərin, müsəlmanların birlikdə yaşamaq imkanları Hz.Muhəmməd (s) peyğəmbərin Məkkədən Mədinəyə hicrətindən dərhal sonra «Mədinə müqaviləsi» kimi məşhur olan, bəziləri tərəfindən «Mədinə şəhər dövlətinin ilk konstitusiyası» adlandırılan 47 maddədən ibarət olan müqavilənin qəbul edilməsi ilə təsdiq edilib.

Başqa bir hadisə... Bildiyimiz kimi, məscid müsəlman üçün əvəzedilməzlərdən sayılan yerlərdəndir. Təsəvvür edin, belə bir yerə səhralıqda yaşayan, daha doğrusu bədəvi adlandırılan ərəblərdən biri gələrək təbii ehtiyacını, suyunu axıdır. Fikirləşin ki, evimizə gələn qonaq «ayaqyoluna» deyil, evin bir küncünə belə bir hərəkət edir. Bunu kim necə qarşılayar? Həqiqətən çox çətin sualdır... Bunu eşidən, görən səhabələr özlərindən çıxdılar. Hətta həmin şəxsə həddini bildirmək istəyən səhabələrə tolerantlığı ilə nümunə olan Hz.Muhəmməd (s) peyğəmbər: «Ona dəyməyin. Bir qab su gətirin, həmin yeri təmizləyin. Siz çətinlik deyil, asanlıq göstərməklə vəzifəlisiniz», - deyərək heç bir iğtişaşın meydana gəlməsinə imkan verməyərək, ən gözəl tolerantlıq nümayiş etdirib və məsələni sülh yolu ilə həll edib.

Hz.Muhəmməd (s) onu öldüməyə gələn, lakin buna müvəffəq ola bilməyən Məkkənin elçisini, Xeybərdə onu zəhərləmək istəyən yəhudi əsilli qadını, hicrət əsnasında hamilə olan böyük qızı Zeynəbi itələyərək uşağın düşməsinə səbəb olan bir nəfəri, həyat yoldaşına böhtan atanları bağışlamışdı.

Bu qədər sadalanan məqamlardan sonra yenə də İslamın tolerantlıq dini olmasına şübhə ilə yanaşanlara, Hz.Peyğəmbəri qınayanlara, İslamı dözümsüzlükdə ittiham edənlərə, qılınc gücü ilə yayıldığını iddia edənlərə bir məqamı da xatırladaq...

Hz.Muhəmməd (s) peyğəmbər doğulduğu, boya-başa çatdığı Məkkə şəhərində peyğəmbərlik veriləndən sonra 13 il hər cür çətinliyə məruz qaldı. Lağ edildi, işgəncələr verildi, ibadət etməsinə maneə olundu. Bütün bunları edənlərə dözümlülüklə, səbrlə, soyuqqanlılıqla, ona bunu rəva bilənlərə dua ilə, onları haqqa dəvət edərək qarşılıq verdi. Sonra vətənindən köçmək məcburiyyətində qaldı. Hicrət etdiyi Mədinə şəhərinə kimi soxulan yerliləri olan məkkəlilərlə bir neçə dəfə müdafiə olunmaq məcburiyyətində qaldı. Məlum olduğu kimi, Hz.Muhəmməd (s) 23 il ərzində peyğəmbərlik vəzifəsini yerinə yetirib. Təsəvvür edin, peyğəmbərliyin ilk 19 ili ərzində müsəlman olan kişilərin sayı heç 2000-i (iki min) ötməmişdi. Məkkəlilərlə müsəlmanlar arasında bağlanan Hudeybiyyə sülh müqaviləsi ilə Məkkəni döyüşsüz fəthi arasında qalan iki il ərzində yuxarıdakı rəqəmdən beş dəfə artıq insan müsəlman olub. Çünki Məkkəni fəth edən ordu artıq 10 000 (on min) müsəlmandan ibarət idi. Müsəlman olanların sürət tempi tamamilə sülh atmosferində yüksələn xətt üzrə davam edirdi.

İslamın tolerantlıq dini olduğunu göstərən ən parlaq dəlillərdən biri də Məkkənin fəthidir. Hz.Muhəmməd (s) peyğəmbər on min nəfərlik ordu ilə Məkkəni fəth etdiyi gün məkkəli müşriklər ona məruz qoyduqlarına indi özlərinin düçar olub-olmayacaqlarını fikirləşirdilər. Düşünürdülər ki, onların Hz.Muhəmmədə (s) etdiyi kimi peyğəmbər də onların başlarına heyvanların içalatısını atacaq, yollarına tikanlar düzdürüb üstündən yeridəcək, yoxsa səhabələrinə etdikləri kimi boğazlarına ip bağlayıb küçələrdə sürüdəcək, qızmar qumun üstündə uzadıb işgəncə verəcək, ac-susuz qoyacaq, yaxud şəhərlərindən çıxaracaqdı?

Hz.Muhəmməd (s) peyğəmbər xütbədən sonra məkkəlilərdən «İndi mənim sizinlə necə davranacağımı fikirləşirsiniz?», - deyə soruşdu. Məkkəlilər: «Sən comərd və yaxşılığı ilə tanınan qardaş oğlusan! Bizə ancaq yaxşılıq edəcəyinə inanırıq», - dedilər. Bu dialoqdan sonra Hz.Peyğəmbər (s) belə dedi: «Mənimlə sizin vəziyyətiniz Yusufun (s) qardaşlarına dediklərinin eynisi olacaq. Mən də Yusufun qardaşlarına dediyi kimi deyirəm: "Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir!"». Bu tolerantlığın tarixdə başqa nümunəsi varmı? Hz.Muhəmməd (s) peyğəmbər bu dərsi onun vasitəsilə insanlara göndərilən Allahın kəlamından almışdı. Çünki Allah ona belə buyurur: «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!» («Əraf» surəsi, 199).

Hz.Muhəmmədin (s) tolerantlığı ilə əlaqəli olaraq məşhur alimlərdən biri olan Wismar bunları yazır: «Peyğəmbər müqavilə bağladığı insanlara qarşı heç bir təzyiq etməyib. Onların özlərinin seçdikləri dinlərini rahat yaşamaları üçün azad buraxıb. Bu bucaqdan məsələyə yanaşanda deyə bilərik ki, Muhəmməd kifayət qədər tolerant insan idi. O Allahın əmrini yerinə yetirərək insanları İslama dəvət etdi...» (Wismar, Adolph L, A Study in Tolerance, Ams Press Inc., New York, 1966, səh. 61).

Uca Allah Quranda belə buyurur: «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!» («Mumtəhinə» surəsi, 8). Peyğəmbərin ayəyə uyğun olan bu tolerantlığı səhabələrinə də nümunə olmuşdu. Səhabələr də başqaları ilə münasibətlərini bu əsas üzərində qurmağa çalışırdılar. İkinci xəlifənin dövründə müsəlmanların başqa dinlərin mənsublarına qarşı göstərdikləri tolerantlıq həmin günlərə aid bir sənədlə təsdiq edilir. Misirin fəthinə şahid olan Nikou Yepiskopu İohann (694-cü ildə yaşayırdı) sərkərdə Amr b. əl-As haqqında bunları demişdi: «O kilsələrdən heç nə almadı və yağmalamadı. Kilsənin başqa əmlakına da toxunmadı». Xristian din xadimi müsəlmanların onların işlərinə müdaxilə etmədiklərini də bildirib. Bu da müsəlmanların tolerantlığına nümunələrdən biri idi.

Orta əsrlərdə müsəlmanların bu tolerantlığı ilə Bizans imperatorluğunu əsrlərlə ağuşuna alan, qan-rəvan içində qoyan məzhəb qarşıdurmalarını, Qərb dünyasının başqa ölkələrindəki katolik-protestant qarşıdurmaları ilə müqayisə etməyi sizin ixtiyarınıza buraxıram.

İslam xəlifəsi icazəsi bir yəhudinin ərazisi üzərində məscid tikildiyi eşidən kimi dərhal həmin məscidin dağıdılmasını əmr etmişdi. Hətta Liviya xristianlarından olan professor Cardah 1933-cü ildəki əsərində həmin yəhudinin evinin hələ də qaldığını və bunun səbəbinin də orada yaşayanlar tərəfindən bilindiyini yazıb (Muhəmməd Hamidullah, «İslama giriş», 433-cü paraqraf).

Suriyanın valisi olan Əbu Ubeydə (r) Bizans imperatorunun böyük ordu ilə gəldiyi xəbərini alan kimi valilərinə təlimat verərək cizyə vergisini sahiblərinə qaytarmalarını əmr etmişdi. Əbu Ubeydə həmin insanlara belə səslənmişdi: «Aramızdakı müqaviləyə görə bu verginin əvəzində biz sizi himayə etməli idik. Lakin hazırda buna gücümüz çatmadığı üçün aldığımız vergilərinizi özünüzə qaytarırıq». Həmin xristian əhali isə: «Allah yenə sizə burala hakim eləsin. Əgər sizin yerinizdə romalılar olsaydılar, nəyisə qaytarmaq bir yana qalsın, əlimizdə olanları da alardılar», - demişdilər. Nəticədə döyüşdə müsəlman qalib gələndən sonra əhali Əbu Ubeydəni sevinclə qarşıladılar (Caetani, Annali Dell İslâm, 11, 814'den T. Amold. s.226).

Ömər b. Əbduləziz (r) dövründə bir məscidin ərazisi genişləndirilərkən kilsənin ərazisinə keçilmişdi. Ömər dərhal məscidin dağıdılması tapşırığını verdi. Lakin xristianlar bunun əvəzində maddi vəsait tələb etdilər. İstədikləri ödəndiyi üçün dağıtma işi ləğv edildi (M. Hamidullah, «İslama giriş», 434-cü paraqraf).

724-738-ci illər arasında İraqın rəhbəri vəzifəsini icra edən Xalid əl-Qəsri xristian dinində olan anası üçün kilsə tikdirmişdi (İbn Hallikan, Vəfəyat, trc.n: 213, Beyrut, 1969, II, 228).

Xəlifə Mehdi dövründə (775-785) Bizansdan qalan xristian əsirlərin ibadətlərini yerinə yetirə bilmələri üçün Bağdadda bir kilsə tikdirilmişdi (Yakut el-Hamevî, Mu'cemu'l-Buldan, II, 662'den T. Amold, s. 80).

Müsəlmanlar müsəlman olmayanlara elə azadlıqlar vermişdilər ki, onlar İslam dininə zidd olan adətlərini də rahatlıqla yerinə yetirə bilirdilər. Hətta onlar spirtli içkilər istehsal edir, idxal edir, alıb-satırdılar. Amma suriyalı xristianlar öz dindaşları olan Bizansın hakimiyyətində işlədikləri torpaqların mülkiyyət hüququna malik deyildilər. Yəhudilərin vəziyyəti xristianlardan da betərdi. Onları ümumiyyətlə, əhali hesab etmirdilər. Hətta XV əsrdə İspaniya kralı Ferdinandın yəhudiləri soyqırıma məruz qoymasından xəbər tutan müsəlmanlar, Osmanlı padşahı II Bəyazid onları öz torpaqlarına apararaq xilas edib.

Uca Allah Quranda belə buyurur: «İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün əvəzini Özü versin deyə, Allahın günlərinin gəlməyəcəyini gözləməyənləri bağışlasınlar!» («Casiyə» surəsi, 14).


ƏVVƏLKİ YAZI

TOLERANTLIQ İSLAMIN PRİSİPLƏRİNDƏNDİR (I YAZI)
pixel
 
Çap variantı  Dosta göndər 

 


© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11