"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

MARAQLI ŞƏKİL

pixel

Səhabələr : Əbu Hureyrə haqqında...

Sayta qoyulub: 00:22 16.06.2010 (Oxunub: 547 )
Hz.Peyğəmbərin səhabələri arasında ən çox hədis rəvayət edən Əbu Hureyrə kimi dəyərli bir səhabə başlanğıcdan günümüzə qədər müxtəlif şəxslər və qruplar tərəfindən, həm dini-siyasi, həm elmi yöndən müxtəlif tənqidlərə, iddia və ittihamlara hədəf olub. Ona yönəldilən bu iddia və tənqidlər araşdırılanda, bunların onun şəxsiyyətinə və hədisçiliyinə qarşı tənqidlər olmaqla yanaşı, iki yöndə olduğu aydın olur.
Əbu Hureyrənin şəxsiyyətinə qarşı iddiaların tarixdə bəzi məzhəb tərəfdarları, günümüzdə də qərbli şərqşünaslar tərəfindən ortaya atılması çox diqqət çəkən məsələdir. Bu qrupların iddiaları arasında Əbu Hureyrənin


adının və nəslinin bilinmədiyi, Peyğəmbərlə (s.ə.v.) çox azmüddət birlikdə olması və İslamı gec qəbul etməsi, kasıb, mədəsinə düşkün, başqalarına əl açan, başqasının köməyi ilə özünü dolandıran insan olduğu və siyasi iğtişaşlarda Əməvilərin tərəfini tutduğu şəklindəki iddialar ən başda gəlir.

Qeyd etməliyik ki, Əbu Hureyrənin şəxsiyyəti haqqında ortaya atılan iddiaların əksəriyyəti əvvəlcədən qəbul edilmiş mənfi düşüncəli, məqsədli və ləkələməyə yönəlmiş iddialar olduğu ilk baxışdan aydın olur. Məsələn, mənbələrdə onun künyəsindən başqa, həqiqi adı haqqında bir neçə adın qeyd edilməsi tənqid edilib. Əsasən belə bir ixtilafın səbəbi Əbu Hureyrənin künyəsi ilə məşhur olduğu üçün həqiqi adının yaddan çıxmasıdır. Əksər səhabələr kimi onun da künyəsi ilə məşhur olması iddiaların əksinə tənqid ediləcək, qəribsənəcək və ədalətini şübhəli hala gətirəcək bir vəziyyət olmamalıdır.

Əbu Hureyrə iddiaların əksinə, hicrətdən əvvəl hələ Məkkə dövründə Tufeyl b. Amr vasitəsilə İslamı qəbul edib, ancaq hicri 7-ci ildə Mədinəyə gəlib. Dolayısı ilə də Peyğəmbərlə bərabərliyi 50 aya qədər davam edib. Ancaq onun Peyğəmbərlə (s.ə.v.) birlikdə olduğu bu müddət ərzində ona xidmət etdiyi, ondan elm öyrənmək üçün hər fürsəti dəyərləndirdiyi və bu fədakarlığı nəticəsində qısa müddət ərzində peyğəmbər mirasının ən böyük hissədarı olmaq şərəfinə çatdığı aydın olur.

Əbu Hureyrə iqtisadi çətinliyin baş alıb getdiyi, məskən və qida ehtiyaclarının çətinliklə təmin edildiyi bir şəraitdə yüzlərlə Suffa əhli ilə birlikdə eyni şəraitdə həyatını davam etdirib. Dolayısı ilə onun ancaq ac qarnını doyurmaq üçün Peyğəmbərlə (s.ə.v.) birlikdə olmadığı, əksinə Suffa əhli ilə birlikdə günlərlə yaşadığı əziyyət və sıxıntıya yüksək idealları və hədəfləri üçün sinə gərdiyi aydın olur. Onun “Başqları dünya işləri ilə məşğul olarkən, mən qarın toxluğuna Peyğəmbərə (s.ə.v.) xidmət edir, onların görmədiklərini görür, eşitmədiklərini eşidirdim” sözlərindən “ancaq qarnını doyurmaq üçün Peyğəmbərlə birlikdə olmuşdu” şəklində anlamağın bəşəri insan və elmi dürüstlüklə heç bir yönünün olmadığı məlum olur.

Bundan başqa, Əbu Hureyrə Hz.Osmanın şəhid edilməsi ilə başlayıb Hz.Əli və Muaviyə arasında cərəyan edən fitnə hadisələrində bəzi səhabələrin etdiyi kimi tərəfsiz qalıb və iddia edildiyi kimi Əlini tərk edib Muaviyənin cərgəsinə qatılmayıb. Hətta müsəlmanların qanlarının axıdılmasına razı olmadığı üçün Sıffində olduğu kimi tərəflərin arasını düzəltməyə çalışıb. Əbu Hureyrənin Hz.Əli və Əhli-beytin fəziləti haqqında çoxlu hədis rəvayət etməsi, Muaviyənin istəyinə uyğun olaraq Əli əleyhinə hədis uydurduğu iddiası tamamilə səhvdir.

Əbu Hureyrənin hədisçiliyinə də tənqidlər olmuşdur. Onun səhabələr tərəfindən təkzib edildiyi, hədis rəvayətini çoxaltdığı, tədlis etdiyi, İsraili rəvayətləri ilə tanınan Kabul-Axbarın tələbəsi olması və faqih olmadığı şəklindəki tənqidləri misal göstərmək olar.

Hz.Ömərin Əbu Hureyrənin az rəvayət etməsi üçün xəbərdarlıq etməsi doğrudur. Ancaq bu xəbərdarlıq az hədis rəvayətini üstün tutaraq ehtiyatı əldən buraxmayan Ömər (r.) kimi səhabələrin əksəriyyətinin təqib etdiyi ümumi davranışın təbii nəticəsidir. Ömərin çox hədis rəvayət etdiyi üçün Əbu Hureyrəni döydüyü və ya təkzib etdiyi iddiasının heç bir əsası olmadığı kimi, tamamilə yanlış bir məlumatdır. Çünki onun Əbu Hureyrənin nəql etdiyi hədislərə etimad etdiyini göstərən çoxlu dəlillər mövcuddur.

Hz.Ömər Əbu Hureyrəni əvvəlcə Bəhreynə vali və qazı olaraq təyin edib, bir müddət sonra Mədinəyə çağırıb, icraatları ilə bağlı onu sorğu-suala tutub. Ancaq Ömərin bu tətbiqatı təkcə onu ittiham edən bir üslub deyildi. Vali təyin etdiyi hər kəsə qarşı olan bir idarə sistemi idi. Mənbələrdə Hz.Ömərin tanınmış bəzi səhabələrdən Əbu Musa əl-Əşari, Səd b. Əbi Vaqqas və Amr b. əl-As və başqalarının da aralarında olduğu 19 məmuru sorğu-suala tutduğu və mallarının bir hissəsini Beytul-mala keçirdiyi qeyd edilir. Dolayısı ilə Ömər (r.) dövründə dövlət işi ilə məşğul olan səhəbələrin məruz qaldıqları icraata Əbu Hureyrə də məruz qalıb.

Səhabələr arasında tənqidləri ilə tanınan Hz.Aişə də Əbu Hureyrənin nəql etdiyi bəzi rəvayətlərə qarşı çıxıb. Onun bəzi zəbt xətaları və ya hədisi səhv başa düşdüyünə görə, Əbu Hureyrəni tənqid edib. Məsələn, Əbu Hureyrənin “uğursuzluq” hədisini, Peyğəmbərin (s.ə.v.) söhbətinin axırına çatdığı üçün hədisi tam əzbərləyə bilmədiyini söyləyib. Ancaq iddia edildiyi kimi təkzib etməyib. Həmçinin Hz.Aişə Əbu Hureyrənin “cünub olanın oruc tutmasına” qarşı çıxdığı üçün sorğu-suala tutub və mürsəl olaraq nəql etdiyi mənsux bir rəvayətini ortaya çıxarıb. Əbu Hureyrə də səhvini qəbul edərək yetkin insan olduğunu göstərib. Hz.Aişə onun “bir ayaqqabı ilə gəzməyin qadağan olmasına” dair rəvayətinə qarşı çıxsa da, onun bu tənqidi başqa səhabələr tərəfindən müsbət qəbul edilməyib. Qısası, Hz.Aişə bəzən Əbu Hureyrəni tənqid, bəzən təsdiq edib. Lakin iddia edildiyi kimi heç vaxt Peyğəməbərə yalan isnad etdiyinə görə, təkzib etməyib.

Səhabələrdən onu tənqid etdiyi bildirilən Hz.Əli, İbn Abbas, Zubeyr b. Avvam və İbn Ömər kimi şəxslərin davranışı da Hz.Aişənin tənqidlərindən fərqli olmayıb. Şübhəsiz ki, başqa səhabələrə nisbətən çox hədis rəvayət etdiyi üçün demək olar ki, hamının nəzərləri onun üzərinə yönəlmişdi. Buna görə də, tez-tez tənqidlərə məruz qalırdı. Ancaq iddia edildiyi kimi bu tənqidlər ona etibar edilmədiyi və ədalətli olmadığı üçün edilən tənqidlər olmayıb. Bunlarını hamısı səhabələr arasındakı müxtəlif fikirliliyin və hədis rəvayətinə qarşı göstərdikləri diqqət və ehtiyatın təbii nəticəsidir.

Əbu Hureyrə bəzən çox hədis rəvayət etdiyi üçün tənqidlərə məruz qalsa da, dəlillər gətirərək özünü müdafiə edib. Mərvanın etirazına verdiyi cavabla bunları bir-bir sayıb. Onu çox hədis rəvayətinə sövq edən faktorlar arasında Peyğəmbərin (s.ə.v.) sağlığında onunla birlikdə olması, duasını qazanması, hədisləri öyrənməyə və əzbərləməyə çox həvəsinin olması, güclü hafizəsi və Peyğəmbərin (s.ə.v.) vəfatından sonra uzun müddət Mədinədə qalıb hədis rəvayətinə davam etməsini qeyd etmək olar.

Əbu Hureyrənin Kabın təsiri altında qaldığı və onun tələbəsi olduğu iddiası həqiqətdən uzaqdır. Əbu Hureyrə Kabdan rəvayət edib, ancaq iddia edildiyi kimi onun sözlərini Peyğəmbərə (s.ə.v.) istinad edərək nəql etməyib. Ancaq, bəzən məclisində olan tələbələrin Peyğəmbərə (s.ə.v.) aid olan sözlə Kaba aid olan sözü birbirinə qarışdırdıqları rəvayət edilir. Bunda isə Əbu Hureyrənin qəbahəti yoxdur.

Səhabələri fiqhi yöndən ələ alanda onları faqih və rəyləri ilə müctəhid olanlar və fiqhi az olmaqla yanaşı zəbt və rəvayətləri ilə tanınanlar deyə iki kateqoriyada mütaliə etmək mümkündür. Bu hər nə qədər kateqoriyalanası təsnif olmasa da, ümumi baxanda Əbu Hureyrənin daha çox yaddaşı və rəvayətləri ilə tanınan səhabələr arasında olduğu aydın olur. Bununla yanaşı, Əbu Hureyrənin orta sayda fətva verən səhabələr arasında da adı keçir. Ancaq Cəssasın ifadəsinə görə, fiqhdə Əbu Hureyrə heç vaxt İbn Məsudun səviyyəsinə çatmayıb.

Əbu Hureyrə sahib olduğu iman və itaət düşüncəsinə bağlı olaraq, ümumiyyətlə hər kəsə aid olub-olmadığına fikir vermədən Peyğəmbərin (s.ə.v.) əmrlərini hərfi-hərfi yerinə yetirməyə çalışmışdı. Buna görə də bəzən məndub hökmündəki Peyğəmbər tövsiyəsini qəti bir əmr, məkruh hökmündəki bir xəbərdarlığı da qəti bir yasaq hesab etmişdi. Faqih səhabələrin əksinə, müəyyən illət və məqsədlərə uyğun olaraq söylənən nəbəvi təlimat və tətbiqatların hansı səbəb və şərtlərə görə olduğuna kifayət qədər fikir verməyib. Əbu Hureyrənin bu cür davranışı faqih səhabələrə nisbətən hədisləri anlamaqda və dəyərləndirməkdə kifayət qədər mahir olmadığını və buna görə də müxtəlif tənqidlərə məruz qaldığını göstərir.

Kufə rəy məktəbinin ən mühim təmsilçilərindən olan Əbu Hənifə və müəllimi İbrahim ən-Nəhai iddaların əksinə, faqih olmadığına görə Əbu Hureyrənin rəvayətlərinə fikir verməyiblər. Quran və məşhur sünnəyə zidd olmayanları, qiyasa zidd olsa da məqbul sayıblar.
pixel
 
Çap variantı  Dosta göndər 

 


© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11