Zəkat verilməsinə ehtiyac olmayan maddi dəyərlər nələrdir?
Aşağıda qeyd edilən maddi dəyərlərdən zəkat ödənməz: Nisaba çatmayacaq dəyərdə olan maddi dəyərlər (nəğd pul, hissə sənədi və sairə sərvət), Atlar, qatırlar və sairə nəqliyat və daşıma vasitələri. İş və gəlir məqsədi ilə istifadə olunmayan əmlak. Gəlir gətirməyən təbiətdə olan mallar (istifadə olunan avtomobil və sairə).
Zəkat üçün hesablanan və ayrılan malı və ya pulu kimə vermək lazımdır?
Hədisdə belə qeyd olunur: Peyğəmbərimiz (sav) "Mənə zəkat ver”deyə gələn birisinə belə buyurmuşdur: "Uca Allah zəkatın veriləcəyi yerlər barəsində nə bir peyğəmbərin, nə də bir başqasının hökmünə razı olmaz, bununla əlaqədar hökmü özü verər. (Allah) bunu 8 sinifə böldü. Əgər bu səkkiz sinifin içində isən sənə haqqını verərəm” (Əbu Davud, «Zəkat» 24; «Musnəd», 4:169 ).
Bəli zəkatı fərz edən Uca Allah Qurani-Kərimdə zəkat veriləcək şəxsləri 8 grup şəkilində bizə bildirmişdir. Allah belə buyurur: “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah biləndir, müdrikdir” (“Tövbə” surəsi, 60).
Bu 8 grupu açıqlayaq:
1. Yoxsullar: Nisab dəyərindən aşağı sərvətə və yaşayış minimumuna malik olan insanlardır.
2. Kasıblar (miskin): Heç bir maddi sərvətə malik olmayan, əkstremal dərəcədə kasıb olanlar. Peyğəmbərimiz (sav) bir hədisində belə buyurmuşdur: "Miskin, bir-iki xurma və ya bir-iki loxma ilə geri çevirilən (dilənib bir iki loxma alan) deyildir. Əsil miskin, insanlardan bir şey istəmədiyi üçün onlar tərəfindən vəziyyəti bilinməyən, bu səbəblə də heç bir yardım alabilməyən kimsədir" (Buxari, «Zəkat» 53; Muslim, «Zəkat» 101).
3. Zəkat yığan (amilin, zəkat toplama məmuru): Zəkat mallarının toplayan, qeydiyyatını aparan və ehtiyacı olanlara yönləndirmə işini təşkil edən şəxslərdir. Bu çalışma qarşılığında onlara verildiyindən bu şəxslər yoxsul olmasalar belə, bu kategoriyaya aiddirlər.
4. Muəlləfi qulub, yəni qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələr: Müsəlman olmayan, İslam barəsində məlumatı az olan və ya səhv məlumatı olan ehtiyac içərisəndə olan insanlar hansılara ki, bu xeyriyəçilik sayəsində İslamı sevəcək, tanıyacaqdır. Bunlardan bəziləri yeni müsəlman olmuş, inancları zəif olan kimsələrdir. Peyğəmbərimiz Muhəmməd (sav) İslam dininə isinişmələri və müsəlmanlara zərər verməmələri üçün onlara zəkatdan pay vermişdir.
Hənəfilər, islam dini zəif olmadığından artıq buna ehtiyac olmadığı səbəbinə görə muəlləfəi- quluba zəkat verilməyəcəyi fikirindədirlər. Alimlərin əksəriyyətinin fikirincə isə, muəlləfəi-quluba ehtiyac anında müasir dövrdə də zəkat verilə bilər. Şafiilərə görə, müsəlman olmayanlara zəkat verilməz.
5. Qulların, kənizlərin azad olunmasına: Quldarlıq quruluşunda köləsini pul və ya başqa bir maddi mənfəət qarşılığında sahibi razı olarsa, bu kölənin azad edilməsi üçün zəkat malından verilə bilər. Bu da dinimizin insanları köləlikdən azad olunmasında göstərdiyi səylərdən biridir.
6. Borclular: Malı nisab miqdarından aşağı olan və borcları geri ödəmə imkanından çox olan və borcunu qaytara bilməyən müsəlmanlardır.
7. Allah yolunda cihad edənlər: Allahın dinini və din baxımından müqəddəs qəbul edilən şeyləri qorumaq, Allahın adını yüksəltmək üçün Allah yolunda mücadilə edən şəxslərdir. Bunu yalnız maddi cihad olaraq anlamamaq lazımdır. Mənəvi cihad edənlər, yəni İslam təbliğatı ilə məşğul olanlar, bunun üçün kitab yazanlar, müxtəlif vasitələrlə İslam həqiqətlərini insanlara çatdıranlar da bu qrupa aiddirlər, yəni bunlara da zəkat verilə bilər.
8. Müsafirlər: Səyahət edən insan öz sərvətindən istifadə edə bilmirsə və səyahət yerində ehtiyac içərisində çətin vəziyyətdədirsə, belə şəxslər bu qəbildəndir. Öz ölkələrində zəngin olsalar da, səyahət yerində çətin vəziyyətə düşmüşlərsə və öz sərvətlərindən istifadə imkanları yoxdursa, zənginlər də bu halda müsafir olaraq zəkat ala bilərlər.
Zəkatin hamısı bir nəfərə verilə bilərmi?
Hənəfi və Safii alimlərinin görüşünə görə, yoxsul və kasıblara ehtiyaclarını qarşılayacaq qədər tək insan da olsa, zəkatın hamısını vermək mümkündür. Hənəfilərə görə, əgər zəkat ayrı-ayrı insanlara verildiyi təqdirdə çox kiçik hissələrə ayrılacaqsa, hamısını bir nəfərə vermək daha uyğundur. Mələsən, evlənmək üçün borca girən bir yoxsula, ehtiyacini qarşılayacaq qədər zəkatın hamısı verilə bilər. Bir nəfərə nisab miqdarı və ya nisab miqdarından artıq zəkat vermək mümkündürsə, belə etmək bəyənilməyə bilər. Lakin borclu olan bir kəsə borcunu ödəyəcək, həm də əlində bir miqdar qalacaq şəkildə zəkat verilə bilər.
Ər ilə arvad birilərinə zəkat verə bilərmi?
Zəngin bir ər yoxsul olan xanımına zəkat verə bilməz. Çünki qadının dolanışığı ərinin üzərindədir. İmam Əzam Əbu Hənifənin fətvasına görə, bir qadın da yoxsul ərinə zəkat verə bilməz. İmam Əbu Yusuf, İmam Muhamməd, İmam Safii və İmam Malikə görə isə zəngin bir qadın kasıb bir ərinə zəkat verə bilər. Qaynana və qaynatalar kasıb olan kürəkənlərinə zəkat verəbiləcəyi kimi zəngin olan kürəkən də qaynana və qaynatasına zəkkat verəbilər.
Yoxsul və ya kasıb olan bacıya, qardaşa, əmiyə, dayıya, bibiyə, xalaya zəkat verilə bilər. Həmçinin zəkatın qohumlara verilməsi daha məqsədə uyğundur. Bir hədisdə "Yoxsullara verilən sədəqə bir sədəqədir, qohumlara verilən sədəqə isə iki sədəqədir. Biri sədəqə, diğəri isə qohumlara yaxşılıqdır" buyurularaq bunun əhəmiyyətinə diqqət yetirilir.
Zəngin insan zəkat malından yeyə bilərmi?
Zəngin insana zəkat almaq halal olmamaqla yanaşı, kasıba verilən zəkatdan ona kasıbın özü tərəfindən hədiyyə edilməsi halında yeyə bilər. «Zənginə zəkat halal deyildir», - buyuran Peyğəmbərimiz (sav) kasıba verilən zəkatin hədiyyə edilməsi halında, zənginə onu almasınin icazəli olduğunu bildirmişdir (Əbu Davud, «Zəkat» 26; «Musnəd», 3:97).
İslam təbliğatı işləri üçün zəkat verilə bilərmi?
Yuxarıda qeyd olunan zəkat veriləcək yerlər barəsində nazil olan “Tövbə” surəsi 60-cı ayəsində bildirilən 8 qrupdan biri “Allah yolunda” tərcümə edilən "fi səbilillah" ifadəsi, mütləq və ümumi olaraq bildirilmişdir. Hənəfi məzhəbinin alimlərindən olan İmam Kasani, «Bədaius-Sanai» adlı əsərində məsələ barəsində belə qeyd etmişdir: "Allah yolunda olanlardan məqsəd, Allaha yaxınlaşdıran hər şeydir. Əgər ehtiyac varsa bu mənaya, Allaha itaət yolunda çalışan hər kəs ilə bütün xeyir yolları aiddir".
"Fi səbilillah («Allah yolunda») ifadəsi ümumidir" deyən təfsir alimi Faxrəddin Razi, bu ifadəni belə izah etmişdir: "Fi səbilillah ifadəsi, yalnız mücahidlərə məxsus deyildir. Zəkat bütün xeyir yollarına verilə bilər. Kəfənləmə və dəfn işləri, qala və məscid tikilməsi də bu kəlmənin mənasını ifadə edir" («Təfsiri Kəbir», 16:113).
Fiqh alimlərindən Elmalılı Hamdi Yazır da zəkatin mücahidlərə cihad avadanlığı alınması məqsədilə sərfedilə biləcəyini bildirmişdir. (Hak Dini Kuran Dili, 4:2581 ). Əvvəllər cihad qılıncla qalxanla, topla tüfənglə edilirdi. İndi isə cihad əsasən qəzetlə, jurnalla, kasetlə, disklə internet vasitəsilə edilir. Başqa sözlə, müsəlman İslama layiqi ilə xidmət etdiyi təqdirdə, bu yolla dinsizlərlə, inkarçılarla cihad etdiyinə inandiği elm tədris, təbliğ müəssisələrinə zəkat verə bilər.
Nəticə olaraq, zəkat İslamın qəlblərə yayılması, təxribatın, fitnə-fəsadın, xaosun qarşısının alınması üçün Allah yolunda fəaliyyət göstərən təşkilatlara da veriləbilər. İndiki dövrdə belə yerlərə zəkat verilməsi məsələsi daha çox əhəmiyyət qazanmışdır. Eyni zamanda bilinməlidir ki, bu da bir cihaddır. Peyğəmbərimiz (sav) belə buyurmuşdur: "Müsriklərə qarsi malınızla, canınızla və dilinizlə cihad edin" («Musnəd», 3:13, 16; Əbu Davud, «Cihad» 5,38). Bu gün inkarçılarla edilən ən təsirli cihad qəzet, broşura, jurnal, internet, sayt, kitab, radio və televiziya vasitəsilə aparılır.
Zəkat haralara verilə bilməz?
Aşağıdakı şəxslərə zəkat verilə bilməz:
• Müsəlman olmayan birinə zəkat verilməz. • Nisab miqdarı sərvətə malik olan kimsəyə zəkat verilməz. • Övladlara, nəvələrə, nəticələrə, anaya, ataya, babaya, nənəyə, onların valideynlərinə zəkat verilməz.
İnşaAllah zəkat barəsində daha ətraflı məlumat almaq üçün hazırlıq mərhələsində olan www.zekat.az internet ünvanına müraciət edə bilərsiniz.