Bir müsəlmanın zəkat verməsinin fərz (mütləq vacib) olması üçün aşağıdakı şərtlər olmalıdır:
1. Zəkat verən insan müsəlman, yetkinlik yaşında və əqli cəhətdən normal olmalıdır. 2. Zəkat verən şəxs “nisab” deyilən müəyyən məbləğdən artıq maddi (şəxsi istifadəsində olan paltar, qida, ev, mebel, qab-qacaq, avtomobil və sairdən başqa) dəyərə tamamilə malik olmalıdır. 3. Zəkatı veriləcək maddi dəyərlərə 1 ay təqvim ili müddətində malik olmalıdır. 4. Zəkatı veriləcək maddi dəyərlər gəlir gətirəcək xüsusiyyətdə (iş görüləcək əmtəə, qızıl, gümüş, nəğd pul, mal qara və sairə) olmalıdır. 5. Müəyyən dəyərdən (nisab miqdarından) artıq olan bu malı kiməsə borclu olmamalı, zəkat verəcək mal da borc olmamalıdır.
Keçmişdə vermədiyim zəkatlar necə olacaq?
Zəkat bizim Allah qarşısındakı borcumuzdur. Hər borcda olduğu kimi bu borcu da ödəmək lazımdır.
Bir qadın Peyğəmbərimizə (sav) yaxınlaşaraq belə demişdi: «Mənim anam vəfat edib. Bir aylıq oruc tutmaq borcu qalıb». Peyğəmbərimiz (sav) qadına belə buyurdu: «Ondan qalan bu borcu ödəməyəcəksənmi?» Qadın belə cavab verdi: «Bəli, mən onun yerinə bu borcu yerinə yetirəcəm». Bu cavabdan sonra Rəsulullah (sav) belə dedi: «Allaha olan borc ödənməyə daha çox layiqdir» («Səhih əl-Muslim», kitab 6, No. 2554).
Bu hədisdən nəticə çıxaran alimlər verilməyən zəkatın sonradan da olsa, mütləq verilməli oldğunu bildiriblər.