Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək- tək ayılan varsa da, həq dadıma çatsın, Mən salim olum, cümlə cahan batsa da batsın;
Mirzə Ələkbər Sabir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı bunt qalxıb. “İnterfaks” agentliyinin məlumatına görə, Rusiya Müftiləri Şurasının rəhbəri Ravil Qaynutdin bəyan edib ki, Paşazadənin MDB-nin müsəlman çevrələrinin vahid lideri statusuna malik olmaq hüququ yoxdur. “Ötən il MDB ölkələrinin müsəlman liderlərinin Məsləhət Şurasının toplantısında təklif olunub ki, Allahşükür Paşazadə MDB müftiliyinin rəhbəri olsun. Belə təkliflə çıxış edənlərdən biri də özünü islamşünas adlandıran Roman Silantyevdir.
Lakin Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrin özlərinin müstəqil müftilik institutları var. Onlar Azərbaycanda mövcud olan və şiəlik təriqətinə əsaslanan müftiliyə tabe olmaq istəmirlər. Bu, heç vaxt baş verə bilməz” - deyə R.Qaynutdin bildirib.
R.Qaynutdin onu da deyib ki, A.Paşazadənin
bütün MDB üzrə müsəlman lideri statusuna malik olmasını təklif edən R.Silantyev əslində İslamın düşmənidir: “Paşazadə heç vaxt MDB-nin müsəlman lideri ola bilməz. Bu, nonsensdir. Bizim öz anlayışımız var, öz dini cərəyanlarımız var. Onu deyə bilərəm ki, Silantyev və onun kimilərinin dedikləri boş söhbətdir, it hürər, karvan keçər. Biz öz müsəlmanlarımızı özümüz də müdafiə edə bilərik”.
Xəbərə görə, MDB-nin Müsəlman Liderləri Şurası ötən ilin iyun ayında yaradılıb və Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən dəstəklənib. D.Medvedyev Rusiya müftiləri ilə görüşü zamanı deyib ki, bu şuranın işinin Rusiya üçün əhəmiyyətli olacağını və MDB ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini gözləyir.
Tatar müsəlmanlarının dini liderlərindən olan R.Qaynutdinin “İslamın düşməni” adlandırdığı R.Silantyev isə “İnterfaks”a açıqlamasında deyib ki, məhz onun A.Paşazadənin MDB müsəlmanlarının lideri olmasına çalışdığı haqda deyilənlər absurddur: “Bu iddia o qədər absurddur ki, mən onu şərh etmək istəmirəm”.
Rusiyalı islamşünas R.Qaynutdinə cavab olaraq deyib ki, Azərbaycanda müftilik institutu yoxdur, müsəlmanlar idarəsi var. Hansı ki, öz sıralarında həm sünniləri, həm də şiələri birləşdirir: “Bu idarənin başında müfti yox, şeyxülislam dayanır”.
R.Silanteyev əlavə edib ki, R.Qaynutdinin açıqlamaları Qafqaz müsəlmanları üçün təhqiramiz səslənir və onun MDB məkanında dinlərarası dialoqda sonrakı iştirakını şübhə altına ala bilər.
R.Qaynutdinin açıqlamalarına cavab olaraq QMİ-nin adının açıqlanmasını istəməyən yüksək səlahiyyətli rəsmisi bildirib ki, idarədə artıq Rusiya Müftiləri Şurasının rəhbərinin mövqeyi ilə tanışdırlar. “Mən onun dediklərinə elə öz sözü ilə şərh verərdim: it hürər, karvan keçər” - deyə mənbə bildirdi.
İdarə səlahiyyətlisi qeyd etdi ki, Qaynutdin Rusiya müsəlmanları arasında o qədər də nüfuza malik olmayan şəxsdir. Bu səbəbdən QMİ onunla açıq polemikaya girmək istəmir: “Şeyxülislam ötən ilin iyununda böyük dəstək qazanaraq MDB ölkələri müsəlman liderlərinin Məsləhət Şurasının rəhbəri seçilib. Bu, heç də MDB-nin müsəlman lideri statusu deyil, sözügedən orqan həm də Rusiya dövlətinin dəstəyi ilə yaradılıb, funksiyası sadəcə olaraq MDB məkanında müsəlman icması liderləri arasında koordinasiyanı təmin etmək, hansısa problem çıxarsa onu yığışıb müzakirə etməkdən ibarətdir. Allahşükür Paşazadə həm də MDB Dinlərarası Koordinasiya Şurasının həmsədri seçilib. Bu şura təkcə müsəlman liderləri deyil, xristian və yəhudi dini liderlərini də özündə birləşdirir. Görünür, Qaynutdin şeyxülislamın MDB ölkələrindəki nüfuzu ilə barışa bilmir və onun həmin qurumların rəhbərliyinə seçilməsinə paxıllıq edir”.
QMİ rəsmisi onu da qeyd etdi ki, Qaynutdinə Rusiya hökumətinin də münasibəti yaxşı deyil və çoxlarının ondan zəhləsi gedir. Mənbənin sözlərinə görə, keçmiş sovet respublikalarında müsəlmançılığın əsas mərkəzləri Başqırdıstan və Tatarıstan olub. Qaynutdin isə Moskvada oturaraq, necə deyərlər, bütün MDB müsəlmanlarına ağalıq etmək iddiasına düşüb: “Görünür, o, MDB Müsəlmanları Məsləhət Şurasına sədr olmaq iddiasındadır, ancaq Qaynutdinin ambisiyaları ilə imkanları bir araya sığmır. Çünki nüfuzu yoxdur. Bu adam bütün beynəlxalq tədbirlərdə şeyxülislamla üz-üzə gələndə ona ”ağsaqqalım, liderim" kimi müraciət edir, ancaq indi mətbuata bu cür açıqlamalar verir".
Dini ekspertlər də təsdiq edir ki, A.Paşazadə MDB məkanında nüfuza malik olan din xadimidir və onun təkcə dini icmalarla deyil, hökumətlərlə də münasibəti yaxşıdır. A.Paşazadə Rusiya rəhbərliyi tərəfindən yüksək dövlət mükafatı ilə təltif edilib, lakin belə görünür ki, onun fəaliyyəti və MDB respublikalarının hakimiyyətləri ilə yaxşı münasibətlərə malik olması bir çox dairələrdə narahatlıq yaradıb.