Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən və məhkəmə tərəfindən sökülməsinə qərar verilmiş “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb.
İdarədən verilən məlumata görə, açıqlamada deyilir ki, inşası tamamlanmamış “Fatimeyi-Zəhra” məscidi adlandırılan yarımçıq tikinti ətrafında yaranmış problemlə bağlı QMİ sədri şeyxülislam Allahşükür Paşazadə prezident İlham Əliyevə müraciət edib: “Müraciətdə tikilinin sökülməsi barədə mövcud məhkəmə qərarının dayandırılması xahiş olunub, yaranmış vəziyyətin ən məqbul həll yolu kimi
həmin tikilinin QMİ-nin sərəncamına verilməsi təklifi irəli sürülüb. Prezident İlham Əliyev Azərbaycanın mövcud dövlət-din münasibətlərini nəzərə alaraq, sözügedən obyektin QMİ-nin sərəncamına verilməsi barədə göstəriş verib. Prezident, eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar da verib”.
“Fatimeyi-Zəhra” məscidinin sökülməsi haqda qərarı Suraxanı Rayon Məhkəməsi rayon icra hakimiyyətinin iddiası əsasında çıxarıb. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.