Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının iqtidaryönlü ruhanisi ayətullah Nasir Məkarim Şirazinin bəyanatına münasibət bildirib.
Komitənin mətbuat xidmətindən “Media forum” saytına daxil olan açıqlamada deyilir ki, ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsi çox təəssüf doğurur: “Din xadiminə yaraşdırılmayan və böhtan xarakterli olan bu cür fikirlər qəbuledilməzdir”.
Dövlət komitəsinin açıqlamasında vurğulanır ki, məscid
adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarları Azərbaycan məhkəmələri çıxarıb. Komitə qeyd edir ki, bu qərarlara siyasi don geyindirmək yolverilməzdir: “Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik aparmaq, başqa sözlə, müsəlmanları üz-üzə qoymaq isə heç kimə başucalığı gətirməz”.