İran İslam Respublikasının məşhur iqtidaryönlü ruhanisi ayətullah Nasir Məkarim Şirazi mayın 12-də Qum şəhərində fiqh dərsində söylədiyi nitqində Azərbaycan Respublikasının hakimiyyətini hədələyib.
Nasir Məkarim Şirazi deyib ki, Bakıda şiələrə məxsus məscidlər sökülür və bununla bağlı Azərbaycan Respublikasının bir sıra vətəndaşı ona müraciət edib: “Son vaxtlar Azərbaycan Respublikasından xəbərlər gəlir ki, hakimiyyət şiə məscidlərini yıxır və digər məscidləri də sökmək niyyətindədir. Biz Azərbaycan hakimiyyətinə bununla bağlı öz rəsmi mesajımızı yollamış, bu işdən əl çəkəcəklərinə ümidvar
olduğumuzu vurğulamışıq.
Azərbaycan Respublikası dünyanın ikinci şiə ölkəsidir. Bu ölkədə əhalinin 90 faizi şiələrdən ibarətdir. Buna baxmayaraq sionistlərlə vəhabilər əl-ələ verərək bu ölkədə şiələrə qarşı fitnə törədirlər. İndi də məscidlərə əl qoyurlar. Biz burada açıq-aşkar bildiririk ki, əgər Azərbaycanda məscidlərin sökülməsi davam etsə, müqavimət hökmü verəcəyik. Biz həm də bildiririk ki, bu yolda ölənlər şəhid sayılacaq.
Biz hökumətlər arasındakı diplomatik münasibətlərə əhəmiyyət vermirik. Azərbaycan hakimiyyəti bilməlidir ki, şiələr din alimlərinin fərmanını gözləyirlər və alimlər hansı hökmü versələr şiələr onu yerinə yetirəcəklər. Biz hələlik bu barədə heç bir hökm verməmişik. Lakin haqqında danışdığımız məsələdə hər hansı dəyişiklik müşahidə olunmasa bu işi edəcəyik. Yaxşısı budur vəhabilərlə yəhudilərin əlaltısı olmayasız və öz ölkənizin sabitliyinə xələl gətirməyəsiz. Əks təqdirdə gələcəyiniz yaxşı olmayacaq”.