Son günlərdədə Milli Məclisin orqanı - rəsmi dövlət qəzeti «Azərbaycan»da dini mövzuda iki yazı dərc olunub. Yalnız hicab məsələsi ilə məhdudlaşmayan hər iki yazıda Azərbaycan cəmiyyətində ifrat dini meyillərin narahatlıq doğuran həddə gəlib çıxdığı vurğulanır, bəzi tendensiyalar, misalçün, kütləvi məscid tikintisi, dini atributlara və rituallara dəb kimi baxılması tənqid olunur. Müəlliflərin kimliyi də maraq doğurur. Sentyabrın 25-də dərc olunan «Qloballaşma dövründə dövlət və cəmiyyət» yazısının müəllifi Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, sentyabrın 27-də dərc edilən «Geriyə doğru irəli? Görəsən belə bir paradoksal hal mümkündürmü» məqaləsinin müəllifi «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur. «www.islam.com.az» saytı hər iki yazını tam həcmdə oxuculara çatdırır. Yazıları buradan kompüterinizə yükləyə bilərsiniz...